Xəbərlər

Ana səhifə / Xəbərlər

AADA və Teleradio görüş keçirdi


Ötən həftə AADA sədri N.Zərbəliyev və birliyin PR və kommunikasiyalar departamentinin rəhbəri R.Musayev "Neqliyyat, Rabite ve Yuksek Texnologiyalar Nazirliyinin" "Teleradio" İstehsalat Birliyinin Texniki direktoru Mikayıl Abbasovun dəvəti ilə "Teleradio" İB-də görüş keçirdilər. Görüş zamanı "Teleradio" İB-in rəhbərliyi Bakı şəhəri və Abşeron yarımadası ərazisində həyata keçirilən
DAB+ radio yayımı ilə bağlı avtomobil dilerlərinin və avtomobil istifadəçilərinin maarifləndirilməsi üçün AADA-ya müraciət etdi. Söhbət zamanı rəqəmsal radio yayımının üstünlükləri vurğulandı. Qeyd olundu ki, müasir avtomobillərin multimedia sistemləri DAB+ radio yayımını qəbul etməyə qadirdir, lakin proqram təminatı cüzi də olsa, əlavə xərc tələb etdiyindən, avtomobil alıcıları bu opsiyadan imtina edir, analoq radio qəbuledici ilə kifayətlənirlər. Yüksək rüsum və aksizlər səbəbindən onsuz da çətinliklə üzləşən avtodilerlər də öz növbəsində avtomobilin satış qiymətininn artmasında maraqlı olmadıqlarından, bu təklifdə israrlı deyillər. Görüş iştirakçıları belə qənaətə gəldilər ki, rəqəmsal radionun müsbət cəhətləri maarifləndirici məlumatların KİV-lərdə yerləşdirilməsi vasitəsilə ilk növbədə istehlakçılara aşılanmalıdır. İlk növbədə tələbat yaranmalıdır ki, təklif də formalaşsın. Tərəflər təəsüflə qeyd etdi ki, ölkə avtoparkının 70 faizindən çoxunu 10 ildən çox yaşı olan avtomobillər təşkil etdiyndən DAB+ radio yayımının yaxın zamanda kütləvi hala çevrilməsi real görünmür. Lakin müasir avtomobillərin sayı artıqca rəqəmsal radio yayımının da aktuallaşması qaçılmazdır.    

Görüşün sonunda ilkin razılıq əldə olundu ki, AADA DAB+ ilə bağlı Azərbaycandakı cari vəziyyətin araşdırılması istiqamətində iş aparacaq və həm dilerlərin, həm də istifadəçilərin DAB+ radioya olan tələbatlarını təhlil edərək, "Teleradio" İB-nin məlumat əldə etməsinə yrdım göstərəcək. "Teleradio" İB öz növbəsində DAB+ radio yayımının populyarlaşması üçün lazım olan təbliğat materiallarının hazırlanmasında və yayımlanmasında informasiya və maliyyə dəstəyini təmin edəcək.    

Qeyd 1: Cenevrədəki Avropa Yayım Birliyində fəaliyyət göstərən, DAB standartlı rəqəmli radio yayımı üzrə dünyada ən nüfuzlu təşkilat olan “WorldDAB Forumu”nun məlumat bazasında Azərbaycanda DAB+ standartlı rəqəmli radio yayımına başlanılmasına dair məlumatlar yerləşdirilmişdir. Belə ki, Avropanın aparıcı dövlətlərinin də yer aldığı və cəmi 27 ölkənin adı olduğu siyahıya Azərbaycanın da adı daxil edilmişdir. 

Qeyd 2: Rəqəmli radio yayımının əsas üstünlükləri:

  •  Radiotezlik spektrindən daha səmərəli istifadə;
  •  Radiosiqnalın daha inamlı qəbulu;
  •  Bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilmə     imkanı;
  •  Təktezlikli şəbəkə (SFN) rejimində yayım imkanı; 
  •  Qəbuledicinin yerləşdiyi hərəkət edən obyektin (avtomobil, qatar və s.) sürətindən asılı olmayaraq (dopler effektinin olmaması), radiosiqnalın  əhatə dairəsinin istənilən nöqtəsində inamlı qəbul imkanı (interferensiya hallarının olmaması) və s.


Son Xəbərlər