Dünya səyahətçisi marşrutun Kanada, ABŞ, Çin və Qazaxstandan keçən hissələrini geridə qoyaraq, Azərbaycana gəlir
İspaniyalı Rafael de Mestre’nin "80 E-Gün" layihəsi dünya miqyasında bir ekoloju tanıtım turu olaraq, avtomobil dünyasına yenidən səs-küy saldı. Bu layihə 2012-ci ildə De Mestrenin elektrik avtomobili ilə əsl macəraya çevrilmiş dünya səyahətinə çıxdığı zamandan başlayıb. Özünü Jül Vernin “80 gün dünya ətrafında” əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına iki hədəf qoymuşdu: elektromobillərin praktikliyini nümayiş etdirmək və onların gündəlik istifadəsi ilə bağlı şübhələrə son qoymaq. Nəticədə, 28.000 kilometrdən çox məsafəni Tesla Roadster ilə qətt edən De Mestre elektrik avtomobillərinin bu qədər uzun səyahətlərə belə hazır olduğunu sübut edərək, onlarla müxtəlif ölkələrdən keçdi.
De Mestrenin bu səyahəti ətraf mühitə qayğı və texnoloji yeniliklər təşviq edən qlobal təşəbbüslər üçün katalizator rolunu oynadı. 2016-cı ildə 80 günlük səyahət layihəsinin “Elduro” adlanan ikinci hissəsində Rafaelin başçılığı ilə artıq 10 komanda iştirak etdi. Bu dəfə De Mestre başqa avtomobili ilə səyahət etdi, Roadster isə Almaniyadakı muzeyə hədiyyə olundu. Beləliklə, Barselonadan yola düşən komandalar 20 ölkə boyunca 29.000 kilometr məsafəni qət edərək tam ekoloji səyahətlərin mümkün olduğunu göstərdilər.
“80 E-Gün” layihəsinin mühüm bir hissəsi iştirakçıların meşələrin bərpası və havaya zəhərli qazların buraxılmasının azaldılması naminə irəli sürdüyü “Tree Route” təşəbbüsüdür. Marşrut boyu hər bir komanda ağaclar əkmək üçün dayanacaqlar nəzərdə tutmuş və nəticədə bu karvan özündən sonra yaşıl iz qoymağı bacarmışdır. Bu təşəbbüs "80 E-Gün" layihəsinin ayrılmaz hissəsinə çevrildi və layihənin iqlim dəyişikliyi ilə mübarizə və ekoloji şüurun təşviqi üzrə hərtərəfli missiyasının təzahürü oldu.
Rafael de Mestre müntəzəm olaraq dünya səyahətlərinə çıxmaq niyyətində idi, lakin qlobal səviyyədə baş verən hadisələr planlarda dəyişikliklərə gətirib çıxardı. Covıd-19 pandemiyası 2020-ci il üçün planlaşdırılan ilkin planı pozdu və sonrakı qlobal qeyri-sabitlik layihəni bir az da təxirə saldı. Nəhayət, 2023-cü ildə qərara alındı ki, 2024-cü ildə yenilənmiş bir marşrutla layihə davam edəcək. Tanıtım turu ideyası muzeydə keçirdiyi illər ərzində batareyası zəifləmiş Tesla Roadster-i bərpa etmək ehtiyacından da irəli gəlirdi. Lakin Roadster-in yenilənmə planı onun Almaniyadan ABŞ-a daşınmasını tələb edirdi. Nəticədə, yalnız külək enerjisi ilə hərəkət edən “Avontur” adlı yelkənli gəminin göyərtəsində elektromobil Mayami yaxınlığındakı Tesla zavoduna gətirildi. Səyahətin heç bir karbon emissiyası olmadan keçməsi istəyi Rafaelin ekologiya səmtində davamlı inkişafa sadiqliyini vurğulayır.
Rafaelin müxtəlif ölkələrə səyahətinin məqsədi yerli təşkilatlar, jurnalistlər və elektromobil həvəskarları ilə qarşılıqlı əlaqə qurmaq, ekoloji nəqliyyat haqqında bilik mübadiləsi aparmaq və şarj infrastrukturunun inkişafını təşviq etməkdir. Mart ayında artıq marşrutunun ABŞ, Kanada və Çindən keçən hissələrini geridə qoyan Rafael nəhayət Qazaxıstana çatdı. Kəskin hava şəraiti və sel kimi çətinliklərlə üzləşməsinə baxmayaraq, Rafael yerli ekofəallar və elektrik avtomobilçilər klublarının köməyi ilə Qazaxıstan üzrə səyahətini başa vura bildi. Növbəti dayanacaq Azərbaycandadır. Məlumdur ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir və ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Bu hadisələr çərçivəsində dünya üzrə elektrik avtomobillər ambassadoru Rafael de Mestrenin Azərbaycana gəlişi simvolik məna daşıyır.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası təşkil etdiyi mətbuat konfransında Rafael de Mestre öz layihəsini təqdim edəcək və jurnalistlərin suallarını cavablandıracaq.