Ötən həftə AADA-nın Ümumi Yığıncağı baş tutdu. Xüsusi karantin rejimi ilə əlaqədar ölkədə tətbiq olunmuş məhdudiyyətləri nəzərə alaraq toplantıda assosiasiya üzvlərinin bir hissəsi canlı, qalan hissəsi internet vasitəsilə «onlayn» iştirak etdi.
Gündəlikdə ilk məsələ AADA-nın 4 iyun 2019-ci il toplantısından sonra keçmiş 1 il ərzində birliyin fəaliyyəti barədə İdarə Heyətinin hesabatı idi. Hesabat məruzəsi ilə sədr N.Zərbəliyev və İH-nin üzvü V.Bayramov çıxış etdilər. Məruzədə qeyd edildi ki, AADA-nın təsdiq olunmuş strateji plan əsasında fəaliyyəti pandemiya dövrünə qədər qənaətbəxş hesab oluna bilər. Belə ki, hesabat dövründə avtomobil sektorunun durumu, işlənmiş avtomobil idxalının artımı, köhnəlmiş ölkə avtoparkının fəsadları və bunlarla əlaqəli mövzularda geniş diskussiyalar başlamış, mediada bu mövzuda müzakirələr artmışdır. Rəsmi hökumət qurumlarına avtomobil biznesi və nəqliyyatı sahəsindəki problemlər çatdırılmış və vəziyyətin sağlamlaşdırılması üçün AADA-nın hazırladığı təkliflər təqdim olunmuşdur. Bunun nəticəsində rəsmi qurumlar arasında müzakirələr başlamış və mediada bu mövzuda xəbərlər çoxalmışdır. Xarici nömrəli avtomobillərin ölkədə qalma müddətinin məhdudlaşdırılması üzrə AADA təklifləri tətbiq olunmuşdur. İşlənmiş avtomobillərin idxalına məhdudiyyət barədə AADA-nın təklfilərinin hökumət daxilində müzakirələri davam edir, 7 il məhdudiyyət ideyası gömrük tərəfindən səsləndirilmişdir. Ekoloji avtomobillərin təşviqi ilə bağlı AADA-nın təklifləri müvafiq hökumət qurumlarında müzakirə edilmişdir.
Təəssüf ki, cari ildə koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, avtomobil sekotoru və AADA-nın inkişafı üçün də problemlər yaratmışdır. Bununla əlaqədar birlik öz tədbirlər planında müvafiq düzəlişlər etməlidir.
Daha sonra toplantıda çıxış edən assosiasiyanın PR və Kommunikasiyalar departamentinin rəhbəri Ramin Musayev birliyin aprel ayından istifadəyə verilmiş «aada.az» rəsmi internet saytının mini-prezentasiyasını keçirdi. Qeyd etdi ki, hələlik sayt yalnız azərbaycan dilində fəaliyyət göstərir, lakin assosiasiya üzvləri lazım olan bütün məlumatları təqdim etdikdən sonra, səhifənin ingilis dilli variantı da işləməyə başlayacaq.
Daha sonra yaxın zaman və postpandemiya dövrü üçün AADA-nın iş planı müzakirə olundu. Qeyd olundu ki, Prezident İlham Əliyevin 2018-ci il, 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrasında rəsmi avtomobil idxalçılarının üzərinə də məsuliyyət düşür. AADA üzvləri son günlər qonşu Gürcüstandan ölkəyə iri yük maşınları vasitəsilə qəza keçirmiş, əzik və yararsız minik avtomobilərinin daşınması faktlarından narahat olduqlarını bildirdilər. Belə avtomobilərin kustar üsullarla bərpası və əhaliyə satışı hərəkətin təhlükəsizliyinə və ekologiyaya ciddi zərbə vurur. Toplantıda bu problem barədə gömrük və standartlaşdırma orqanlarına, iqtisadiyyat və ekologiya nazirliklərinə müraciət məktubları ünvanlamaq qərara alındı.
Bunula yanaşı əhaliyə köhnə və yararsız avtomobilərin istismarının nə dərəcədə təhlükəli olduğunu aşılamaq üçün təbliğat materiallarından, sosial videolardan istifadə edilməyin vacibliyi vurğulandı.
Eyni zamanda qeyd olundu ki, avtodilerlər əhaliyə yeni avtomobilləri əlçatan qiymətlərlə təklif etmək imkanından məhrumdur. Bunun səbəbi isə avtomobillərin idxalında tətbiq olunan yüksək gömrük rüsumları, aksizlər, eləcə də banklar tərəfindən irəli sürülən əlverişsiz avtokredit şərtləridir. Son zamanlar lüks mallar kateqoriyasına aid edilən minik maşınlarından daha yüksək aksizlər, vergilər tutluması barədə təkliflər KİV-lərdə əksini tapır. AADA üzvlərinin fikrincə tətbiq oluna bilən yeni vergi hesabına dövlət büdcəsinə əlavə vəsait daxil olacağını düşünmək yanlışdır. Avtomobil idxalına bu gün tətbiq olunan vergi və rüsumlar elə həddədir ki, növbəti artım sadəcə satış həcmlərinin sıfıra enməsi, ölkədə tam bir biznes sektorunun iflası, distribyutor-diler institutunun ləğvi ilə nəticələnə bilər. Bu isə çoxsaylı avtosalon və texniki servis mərkəzlərindən ibarət olan rəsmi nümayəndəliklər şəbəkəsinin qapanması, çoxsaylı ,iş yerlərinin bağlanması, büdcəyə və sosial fondlara ödənilən maliyyə resurslarının ixtisarı deməkdir. Əvəzində şəxsi mənafeləri əsas tutan, təhlükəsizlik, ekologiya problemləri ilə mararqlanmayan, daim vergi öhdəliklərindən yayınmağa çalışan "qara" bazarın inkişaf edəcəyi qaçılmazdır. Son araşdırmalara görə ölkədə avtomobil və ehtiyyat hissələri bazarının ümumi illik dövriyyəsinin həcmi bir milyard dollara yaxınlaşır. Əlbəttə bu göstəricidə rəsmi və qeyri rəsmi idxalçıların payı var...
Bütün bu məsələlərin hər biri ayrıca araşdırma və müzakirə predmeti olduğundan toplantı bir daha AADA-ya hökümət orqanları ilə koordinasiya cəhdlərini intensivləşdirməyi tapşırdı.