Xəbərlər

Ana səhifə / Xəbərlər

Çin avtomobil festivalı yekunlaşdı, növbədə Yaponiyadır

Ötən həftə ölkəmizdə ilk dəfə olaraq, Çin avtomobilləri festivalı baş tutdu. Üç gün ərzində «Park Bulvar» ticarət və əyləncə mərkəzində keçirilən tədbirlərdə 15 mindən çox ziyarətçi iştirak etdi. Festivalda Changan, Faw, MG, Baic, Hongqi, Kaiyi, Skywell, Jetour, Leap, Geely, Chery, VGV, Haval, Jac markalarının Azərbaycanda rəsmi dilerləri ən son modellərini nümayiş etdirdi. Qeyd etməliyik ki, festival təkcə avtomobil sərgisindən ibarət deyildi. Paytaxt sakinləri və qonaqların mənalı istirahəti üçün maraqlı əyləncə proqramı təşkil olunmuşdu. Belə ki, festivalda tamaşaçılar üçün uduşlu müsabiqələr, ənənəvi Çin çay dəsgahı, uşaqlar üçün kompüter oyunları, Çin folklor musiqisi, Çin mifologiyası mövzusunda «Kospley-defile» də daxil idi. 

Xatırladaq ki, yeni formatlı avto-şou Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) tərəfindən təşkil olunmuşdu. AADA 45-dən artıq avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçılar və yerli avtomobil istehsalçılarının ictimai birliyidiir. Təşkilat ölkədə sivil avtomobil biznesinin bərqərar olması, ölkə avtomobil parkının yenilənməsi istiqamətində araşdırmalar aparır, dünya avtomobil sənayesinin ən yeni məhsullarını nümayiş etdirmək üçün müxtəlif sərgilər və festivallar təşkil edir. 

AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verdi ki, son illərdə Azərbaycanda rəsmi təmsil olunan Çin avtomobil brendlərinin sayının sürətlə artması, əhalidə Çİn avtomobillərinə olan marağın yüksəlməsini nəzərə alaraq, assosiasiya China Auto Fest 2023 adlı tədbiri birinci növbədə təşkil etdi. Əslində isə bu festival böyük layihənin tərkib hissəsidir. Belə ki, bu həftə sonu 6-8 oktyabr tarixində eyni məkanda Yaponiya istehsalı olan ən yeni avtomobillər sərgilənəcək. Toyota, Mazda, Nissan, Subaru, Mitsubishi, Infiniti, Lexus, Honda modelləri ilə tanış olub, sınaq yürüşünə yazılmaq mümkün olacaq. Tamaşaçıları bu dəfə də parlaq əyləncə proqramı gözləyir: Yaponiya mətbəxindən başlayaraq, virtual avtoidman yarışları, «aykido» üzrə «master-klas», «anime-kospley-defile», saysız hesabslz mükafatlı müsabiqələr və s. Bu layihədə bizə dəstək olan tərəfdaşlarımıza təşəkkür edirəm.

AADA-nın mətbuat xidməti


Son Xəbərlər