
Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyası (AADA) 2026-cı ilin bazar göstəricilərinin təhlili və avtomobil dilerləri ilə aparılan məsləhətləşmələr əsasında 2027-ci il üçün avtomobil bazarının inkişaf perspektivlərini qiymətləndirib. Assosiasiyanın ilkin qənaətinə görə, növbəti ildə bazarda əhəmiyyətli artımı təmin edə biləcək amillər hələlik müşahidə olunmur.
2026-cı ildə avtomobil bazarında azalma gözləntiləri üstələyib
2026-cı il Azərbaycanın avtomobil bazarı üçün son illərin ən mürəkkəb dövrlərindən biri kimi xarakterizə olunur.
İlin əvvəlində elektrik və hibrid mühərrikli avtomobillərin idxalına tətbiq edilən vergi güzəştlərinin başa çatması fonunda Assosiasiyanın ilkin gözləntisi bazarın təxminən 20% azalması istiqamətində idi.
Lakin faktiki göstəricilər bazardakı geriləmənin proqnozlaşdırılandan xeyli dərin olduğunu nümayiş etdirib.
AADA-nın daha əvvəl açıqladığı məlumatlara əsasən, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycanda minik avtomobilləri bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,1% azalıb. Avqust ayında isə keçən ilin eyni ayı ilə müqayisədə azalma 49,9%-ə çatıb.
Avtomobil bazarına paralel idxalın təsiri
Son illər Azərbaycan avtomobil bazarında yeni istehsalçıların, xüsusilə paralel idxal iştirakının genişlənməsi rəqabət mühitini əhəmiyyətli dərəcədə dəyişib. Surətlə genişlənən paralel idxal rəsmi dilerlərə təzyiqi artıran ən mühüm amillərdən biridir. AADA-nın müşahidələrinə əsasən paralel idxalın ümumi satışlardakı payı 75-80%, premium seqmentdəki payı isə 40-50% təşkil edib.
Rəsmi distribütorlardan fərqli olaraq, paralel idxalçılar istehsalçıların korporativ standartlarına uyğun avtosalonların, servis mərkəzlərinin və ixtisaslı personalın saxlanılması ilə bağlı eyni həcmdə investisiya və əməliyyat xərcləri daşımırlar. Bu isə avtomobillərin qiymətinin formalaşmasında qeyri-bərabər rəqabət şəraiti yaradır.
Bir tərəfdən paralel idxal bazarda rəqabəti və istehlakçıların seçim imkanlarını genişləndirsə də, digər tərəfdən rəsmi distribütorların fəaliyyətinə əlavə təzyiq göstərir, rəqabət mühitinin proqnozlaşdırılmasını çətinləşdirir və bazardakı real istehlak tələbatının obyektiv qiymətləndirilməsinə mane olur. Mövcud şərait rəsmi dilerlərin gələcək satış və tədarük həcmlərinin planlaşdırılmasında əlavə qeyri-müəyyənlik yaradır.
Belə şəraitdə rəsmi dilerlər yeni bazar şəraitində satış həcmləri, qiymət siyasəti, ehtiyatların idarə olunması və investisiyaların səmərəliliyi arasında daha həssas balans yaratmaq zərurəti ilə üzləşirlər.
Dilerlər 2027-ci il üçün idxal və tədarük planlarına yenidən baxırlar
Avtomobil bazarındakı mövcud vəziyyət və 2027-ci il üzrə qeyri-müəyyən perspektivlər rəsmi avtomobil dilerlərinin gələcək fəaliyyət planlarına da təsir göstərir.
Assosiasiyanın bazar iştirakçıları ilə apardığı məsləhətləşmələr əsasında formalaşan ilkin qiymətləndirməyə görə, dilerlərin əksəriyyəti 2027-ci il üçün avtomobil tədarükü həcmlərini azaltmağı nəzərdən keçirir.
Mövcud planlaşdırma yanaşmalarında tədarük həcmlərinin təxminən 10–20% azaldılması üstünlük təşkil edir.
Bu qərarların əsas məqsədi bazardakı real tələbatla avtomobil tədarükü arasında balansı qorumaq, anbar ehtiyatlarının həddindən artıq artmasının qarşısını almaq, dövriyyə vəsaitlərinin səmərəli idarə olunmasını təmin etmək və maliyyə risklərini minimuma endirməkdir.
2027-ci il: artımdan daha çox sabitləşmə ili
AADA-nın ilkin qiymətləndirməsinə görə, 2027-ci ildə Azərbaycanın avtomobil bazarının əsas prioriteti sürətli artım deyil, mövcud vəziyyətə uyğunlaşma və sabitləşmə olacaq.
Hazırda bazarda əhəmiyyətli artımı təmin edə biləcək yeni vergi stimulları, alıcılıq qabiliyyətində nəzərəçarpacaq yüksəliş və ya istehlak tələbatını kəskin artıracaq digər amillər müşahidə olunmur.
Bu səbəbdən Assosiasiya 2027-ci il üçün avtomobil bazarında artım gözləmir. Mövcud şərtlərin davam etməsi halında bazarın aşağı səviyyədə sabitləşməsi və ya müəyyən seqmentlərdə 10%-ə qədər azalma ehtimalı istisna edilmir.
Mövcud şəraitdə avtomobil bazarının dayanıqlığının qorunması, rəsmi dilerlərin maliyyə sabitliyinin təmin edilməsi və tədarük həcmlərinin real tələbata uyğunlaşdırılması sektorun əsas prioritetləri olaraq qalmalıdır.
Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyası (AADA)
Noyabr 2026-cı il