Novruz bayramı ərəfəsində ölkəmizdə ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçiriləcək. «Auto Eko 2023» adı altında avto-şou Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunur. Qeyd edək ki, sıralarında 40-dan çox aparıcı avtomobil markasının rəsmi idxalçılarını və yerli avtomobil istehsalçılarını birəşdirən ictimai birlik ən təcrübəli biznes-assosiasiyalardan biridir və fəaliyyətinə başlayandan ölkəmizdə bir sıra ilkə imza atmışdır. Belə ki, «Azərbaycan-28 May» birinci avtomobil yürüşü hələ 1999-cu ildə təşkil olunmuşdu. Ölkədə ilk avtomobil sərgiləri - «Caspian Motor-Show» və «Caucasus Motor-Show» AADA-nın layihələridir və 2002-ci ildən keçirilir. Təşkilat bu gün öz missiyasını Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdə görür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra tədbirlərin təşkilini AADA öz qarşısına vəzifə qoymuşdur. Ötən il assosiasiya hibrid və elektromobillərin iştirakı ilə «Yaşıl ölkə» adlı ilk ekoloji avtomobil yürüşünü gerçəkləşdirdi.
«Auto Eko 2023» 12-14 Mart tarixində «Park Bulvar» ticarət mərkəzində baş tutacaq. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə keçirilən sərginin məqsədi: Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi, elektromobil texnologiyalı ən yeni modellərin nümayişi, ətraf mühitin qorunmasına cəmiyyətin diqqətinin cəlb edilməsi, gənclərdə müasir texnologiyalara, texniki idman növlərinə marağın artırılması, bayram ərəfəsində Bakı sakinlərinin və qonaqlarının mənalı asudə vaxtının təşkilidir.
Avto-şou çərçivəsində ən yeni modellərin rəsmi premyeraları gözlənilir. Sərginin rəsmi açılışı 12 Mart saat 12.00-da olacaq. Bu zaman bütün elektromobillər örtüklə örtüləcək. İştirakçılar mini-prezentasiyalar, brifinqlər keçirəcəklər. Tamaşaçılar üçün əyləncəli şou-proqramlar da təşkil olunacaq. Xüsusi təşkil olunmuş zonada «Need for Speed» kiber-disiplini üzrə tamaşaçılar arasında birincilik keçiriləcək və qaliblər mükafatlandırılacaq. Bundan əlavə avtomobil sahəsində öz biliyinə güvənən qonaqlar müxtəlif uduşlu müsabiqələrdə iştirak edə biləcəklər.