Xəbərlər

Ana səhifə / Xəbərlər

Müasir avtomobillər… və sərfəli şatış şərtləri…


Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) 2021-ci ildə ilk «Ümumi toplantısını» həyata keçirdi. Mövcud karantin qaydalarını nəzərə alaraq forum  «online» rejimdə təşkil olunmuşdu. Qeyd edək ki, tədbirin gündəliyi və müzakirə olacaq sənədlər bir həftə öncə AADA-nın İdarə Heyəti, Nəzarət-təftiş komissiyası və daimi katibliyin üzvlərindən ibarət İşçi qrup tərəfindən tərtib olunmuşdu. İlk növbədə assosiasiyanın 2021-ci il üçün iş planı təsdiqləndi, strateqiyası və əsas hədəfləri müəyyənləşdirildi. Birliyin sədri N.Zərbəliyev ön sözündə söylədi ki, koronavirus pandemiyası və sərt karantin qaydaları 2020-ci il üçün nəzərdə tutulmuş bir sıra tədbirlərin keçirilməsini qeyri mümkün etdi, bəzi planlara yenidən baxmaq məcburiyyəti yarandı, lakin buna baxmayaraq təşkilatın gücləndirilməsi, yeni üzvlərin cəlb olunması, ölkə biznesinin avtomobil sektorunun inkişafı istiqamətində bir sıra işlər görüldü. 

Bu il üçün nəzərdə tutulmuş iş planını təsdiqləməzdən öncə qeyd olundu ki, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində ölkə avtomobil parkının yenilənməsi, sağlamlaşdırılması, yollarda təhlükəsizliyin yüksəlməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərində şübhəsiz rəsmi avtomobil idxalçılarının üzərinə də ciddi məsuliyyət düşür. 

Bu gün AADA 40-dan artıq dünya şöhrətli avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi diler və distribyutorları və eləcə də yerli avtomobil istehsalçılarını cəmləşdirən ictimai birlikdir. Təşkilatın missiyası ölkədə sivil avtomobil biznesinin bərqərar olması, avtonəqliyyat sektorunun inkişafı, istehlakçıların, yol hərəkəti iştirakçılarının maraqlarına xidmət edən mühitin formalaşmasına yardım etməkdir. Bunun üçün assosiasiya beynəlxalq təcrübədən yararlanaraq, dövlətimizə və cəmiyyətimizə fayda verməyə çalışır, rəsmi qurumlar və ictmai təşkilatlarla müzakirələr aparır, mövcud problemləri araşdırır və onların həlli üçün təkliflərlə çıxış edir.

AADA-nın rəsmi internet saytının baş səhifəsində birliyin devizi təqdim olunur: «Müasir, təhlükəsiz, ekoloji avtomobillər idxal etmək və əhali üçün şərfəli satiş şərtləri axtarmaq…» Konfransda assosiasiyasının cari il üçün təsdiq edilmiş iş planı və strategiyası bu devizlə tamamilə üst-üstə düşür. Yeni avtomobillərin satış şərtlərinin əhali üçün asanlaşdırılması, köhnə və yararsız nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması, ekoloji cəhətdən əlverişli hibrid və elektromobillərin alışının stimullaşdırılması - bütün bunlara nail olmaq üçün AADA müvafiq hökümət qurumları və ictimai birliklər ilə əməkdaşlıq etmək, müzakirələr üçün müxtəlif formatlı platformalardan istifadə etməyi qarşısına məqsəd qoydu.   

Konfransda son günlər sosial şəbəkələrdə müzakirə edilən köhnə avtomobillərin utilizasiyası proqramına da münasibət birldirildi. Qeyd olundu ki, AADA bu məsələdə müxtəlif ölkələrin təcrübəsini araşdırıb. Məlumdur ki, istənilən utilizasiyanın məqsədləri: nəqliyyatda təhlükəsizliyinin artırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yerli avtomobil sənayesinin inkişafı və avtomobil parkının yenilənməsidir. Utilizasiya yalnız kompleks şəkildə həyata keçirilən tədbirlər sayəsində uğurlu alına bilər. İlk növbədə təzə avtomobillər üçün idxal rüsumları və aksizlərə yenidən baxılmalı, yeni avtomobili əldə etmək üçün optimal kredit şərtləri formalaşdırılmalı, daha sonra gömrük məntəqələrində müşahidə edilən, xarici ölkələrdə utilizasiya olunmuş, qəzaya uğramış, daşqınlar altında qalmış və s. avtomobillərin kütləvi surətdə ölkəyə gətirilməsinin qarşısı alınmalıdır. Bütün bunlar olmadan, utilizasiya proqramını təsəvvür etmək mümkün deyil.

AADA-nın konfrans iştirakçıları öz çıxışlarında vurğuladılar ki, hökumətimizin ölkə həyatının bütün sahələrində keçirdiyi geniş miqyaslı islahatlar, kiçik və orta biznesin inkişafı, iş adamları ilə rəsmi strukturlar arasında faydalı dialoqun qurulması və biznes mühitinin təkmilləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətlər bütün biznes ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Avtomobil sektoru ölkə iqtisadiyyatında və cəmiyyətin demək olar ki, bütün sahələrində son dərəcə önəmli rol oynayır. Bu sektorda davamlı inkişafa nail olmaq məqsədilə AADA üzvləri xüsusi təkliflər paketi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti və bir sıra müvafiq qurumlara müraciət etməyi qərara aldılar. 


Son Xəbərlər