Xəbərlər

Ana səhifə / Xəbərlər

Avtosalon “market” deyil

Avtodilerlər assosiasiyası satış salonlarının fəaliyyəti barədə məsələ qaldırdı.

Azərbaycan avtomobil dilerləri assosiasiyası Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) müraciət edərək, COVİD-19 pandemiyası ilə əlaqədar sərtləşdirilmiş karantin şəraitində rəsmi avtomobil sərgi-satış salonlarının fəaliyyətinin bərpası məqsədilə müvafiq hökümət qurumlarına sorğu göndərilməsini xahiş edib. Müraciətdə deyilir:
“Sahibkarlar Konfederasiyasının iş adamları və hökumət strukturları arasında faydalı dialoqun qurulmasında dərin təcrübəsini nəzərə alaraq, ölkənin avtomobil dilerlərini narahat edən bir məsələdə dəstək olmağınızı xahiş edirik.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icarasında ölkə avtomobil parkının yenilənməsinə yönəlmiş vəzifələrin bir hissəsi şübhəsiz rəsmi avtomobil idxalçılarının çiyninə düşür. Sıralarında 40-dan çox dünya şöhrətli avtomobil markasının ölkəmizdəki nümayəndəliklərini birləşdirən AADA - avtomobil biznesi, ekologiya, təhlükəsizlik və ümumən avtonəqliyyat sahəsinin sağlamlaşdırılması və dayanıqlı inkişafına dəstək məqsədilə mütamadi olaraq tədbirlər həyata keçirir.

Rəsmi avtomobil dilerləri ölkə həyatının bütün sahələrinə birbaşa təsir göstərən əhəmiyyətli işlə məşğuldurlar. Məhz dilerlər müxtəlif sahələrdə çalışan şirkətlərə və hökumət strukturlarına peşəkar xidmət göstərməklə onların effektiv fəaliyyətinə önəmli tövhə verirlər. Sərnişindaşımadan inşaat sektoruna, ərzaq təminatından fövqəladə halların aradan qaldırılmasına, səhiyyədən ictimai asayişin təmin edilməsinə qədər operativlik tələb edilən bütün sahələrdə nəqliyyat vasitələrinin tədarükü və onların işlək vəziyyətdə saxlanmasında rəsmi dilerlərin müstəsna rolu var...
AADA üzvləri Azərbaycan Respublikasında yeni növ koronavirus pandemiyasının qeydə alındığı ilk gündən etibarən dövlət qurumlarının bütün zəruri qabaqlayıcı tədbirlərini dəstəklyir. Bu məsələdə diqqəti bir məqama, dəqiq desək, son karantin məhdudiyyətləri sırasında avtomobil satış salonlarının fəaliyyətinə qadağa qoyulmasına yönəltmək istəyirik. Ərzaq marketlərindən fərqli olaraq, avtomobil salonunda heç zaman kütləvi alıcı axını müşahidə olunmur. Gün ərzində adətən bir ailənin üzvlərindən ibarət olan 2-3 nəfərəlik bir neçə qrup salona daxil olub, seçdiyi avtomobillə tanış ola bilər…”
Yuxarıda qeyd olunanları nəzərə alaraq, AADA ölkəmizdə kiçik və orta biznesin maraqlarını təmsil edən nüfuzlu qurum kimi ASK-dan rəsmi avtomobil satış salonlarının fəaliyyətini bərpa olunması barədə Azəbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və NK yanında Operativ Qərargaha müraciət ünvanlamasını xahiş edir.

AADA-nın İdarə Heyətinin sədri Natiq Zərbəliyev müraciətlə bağlı açıqlamasında söylədi ki, son illərdə dünyada baş vermiş iqdisadi böhran, bununla əlaqədar olan milli valyutamızın devalvasiyası, avtomobil kreditləşməsi məsələlərində əlverişsiz şərtlər ölkəmizdə yeni avtomobillərin satış göstəricilərinə ciddi ziyan vurmuş, rəsmi avtobiznes subyektlərinin iqtisadi durumunu son dərəcə çətinləşdirmişdir. Buna baxmayaraq, avtomobil biznesinin nümayəndələri cəmiyyətin inkişafının bütün sahələrində, sosial məsələləlrin həllində yaxından iştirak etmişlər. AADA üzvlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Silahlı Qüvvələrə Dəstək Fonduna etdikləri birbaşa maliyyə ianələri buna sübutdur.

N.Zərbəliyev qeyd etdi ki, avtomobil almağı planlaşdıran müştərilər adətən ilin sonunda təklif ediləcək xüsusi endirimləri gözləyirlər. Avtomobil dilerlərinin hazlrki ağır iqtisadi durumunu nəzərə alsaq, salonların açılması bu sektora çox önəmli dəstək olardı. Nəticədə bu sahədə çalışan onlarla şirkət və yüzlərlə əməkdaşın maddi vəziyyəti stabilləşər, dövlət büdcəsinə ödəniləcək vergi və rüsumların həcmi yüksələr. Məlumdur ki, bizim əhali arasında şəxsi avtomobil sadəcə nəqliyyat vasitəsi deyil - ev, mənzil, bağ sahəsi ilə bir sırada olan ailə kapitalı, qürür mənbəyi, uğur göstəricisi, vərəsəlik predmetidir. Bəzi ailələr arzuladıqları avtomobili əldə etmək üçün illərlə vəsait toplayırlar. Yeni il ərəfəsində avtosalonların bağlı olması belə arzuları puç edə bilər. Yeri gəlmişkən, pandemiya şəraitində şəxsi nəqliyyat vasitəsinin daha da aktuallaşması da danılmaz faktdır.
Sonda AADA sədri vurğuladı ki, “bütün rəsmi avtomobil sərgi-salonlarında əməkdaşlar tərəfindən profilaktik qaydalara son dərəcə ciddi əməl olunur və bu dilerlər tərəfindən təmsil olunan məşhur avtomobil istehsalçılarının korporativ tələblərinə daxildir”.


Son Xəbərlər