Xəbərlər

Ana səhifə / Xəbərlər

Azərbaycanda avtokredit: Reallıq və perspektivlər


Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə birgə iştirak etdikləri virtual konfransın mövzusu məhz belə idi. Qeyd edək ki, forumdan qabaq, hələ bu ilin aprel ayında AADA banklar assosiasiyına məktub göndərmişdi. Bu məktubda nədən söhbət gedirdi və ABA-nın reaksiyası necə oldu? «Autograph»ın suallarına AADA-nın sədri Natiq Zərbəliyev cavab verir:

- Məlumdur ki, ABA - öz sıralarında ölkənin bütün aparıcı banklarını birləşdirən ən nüfuzlu və təcrübəli ictimai birliklərdən biridir. Ölkə iqtisadiyyatının, biznes və maliyyə sektorlarının inkişafı üçün bir çox tale yüklü qərarların qəbul edilməsində bu təşkilatın böyük əməyi var. İctimai birlik olaraq, AADA hər zaman fəaliyyətində ABA-nı özünə nümunə sanmış, bu təşkilatın təcrübəsindən bəhrələnməyə çalışmışdır.

Hətta bizim rəsmi proqram xarakterli sənədlərdə bu fikrə rast gəlmək olar ki, «gələcəkdə ABA kimi güclü təşkilata çevrilməyi qarşımıza hədəf qoyuruq». O da məlumdur ki, adətən bank və avtomobil sektorları biri-biri ilə son dərəcə sıx vəhdətdə fəaliyyət göstərir. Bu bütün dünyada belədir. Müştərinin birbaşa nağd pul ödəməklə avtomobil əldə etmək praktikası demək olar ki, atavizm sayılır. Əksinə banklar və avtodilerlər yeni-yeni maliyyə sxemləri düşünərək müştəri kütlələri cəlb etməyə çalışırlar.

Nəticədə bütün tərəflər faydalanır: diler avtomobilini satır, bank kredit verir, sığorta şirkəti sığortalayır, müştəri təzə avtomobildən istifadə edərək, pulunu tədricən ödəyir, bir sözlə hamı qazanır. Təəssüf ki, bizdə mövcud olan avtokredit şərtləri əhalinin əksər hissəsi üçün fantastik dərəcədə əlçatmazdır. Əlbəttə 10-15 il əvvəl banklar tərəfindən avtokreditlərin ucdantutma paylanması və bu kreditlərin sonrakı aqibəti də hamıya bəllidir.
Bütün bunları nəzərə alaraq, biz bank sektorunun nümayəndələrini dialoqa dəvət edirik. Sözü gedən konfrans da AADA-nın təşəbbüsü ilə baş tutdu. Avtomobil sektorunun nümayəndələri öz təkliflərini bir daha səsləndirdilər: avtomobil kreditinin bütün dünyada olduğu kimi, digər istehlak kreditlərindən fərqləndirilməsi, minimal ilkin ödəniş tələbinin 20-25%-ə, illik faizlərin isə 16%-ə endirilməsi, kreditləşmə zamanı yaranan bütün əlavə və bürokratik maneələrin ləğv edilməsi.

Belə olmasa, ölkəyə kütləvi şəkildə köhnə, yararsız, bəzən hətta qəzadan çıxıb, kustar üsulla bərpa olunmuş avtomobillər gətiriləcək. Təzə avtomobil istəyənlər isə kredit üçün banka yox, fiziki şəxslərə, müasir sövdəgərlərə müraciət edib, ilkin ödənişsiz və çox yüksək faizlə borc alacaqlar. İstənilən halda ölkəyə avtomobil idxal olunur, amma hansı avtomobillər?

2021-ci ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən 23 854 ədəd avtomobil idxal edilib. Onların ümumi dəyəri 244 milyon 577 min dollar həcmində olub. Demək olar ki, milyardın dörddən bir hissəsinin müqabilində ölkəyə gətirilən əksər hissəsi işlənmiş nəqliyyat vasitələridir. Aydındır ki, onların ardınca ehtiyyat hissələri də daşınmalıdır, yəni bir daha valyuta xərclənməlidir.

Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı»nın icrası çərçivəsində ölkə avtomobil parkının yenilənməsi, sağlamlaşması, yollarda təhlükəsizliyin təmin olunması və ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərində şübhəsiz AADA üzvlərinin çiyninə ciddi məsuliyyət düşür. Unutmayaq ki, «təmiz ətraf mühit» yaratmaq və «yaşıl artım» ölkəsinə çevrilmək milli prioritetlərimizdir.

Bu məsələlərin həllində müasir, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin idxalı və istismarının vacibliyi danılmazdır. İqtisadi baxımdan da sivil avtomobil bazarının inkişafı ölkəmiz üçün faydalıdır. Məlumdur ki, kreditlə satılmış hər yeni avtomobil ən azından bir banka və sığorta şirkətinə yeni bir müştəri qazandırır. ABA ilə onlayn görüşdən öncə mən bəzi xarici ölkələrin banklarına sadəcə bir müştəri kimi internet vasitəsilə müraciət edib avtokredit şərtləri ilə maraqlandım. Qazaxıstanda 10 faiz ilkin ödənişlə 7 illik kredit təklif etdilər, illik 20 faizlə. Gürcüstan və Ukraynada ilkin ödənişsiz 6-7 illik kredit vəd etdilər. İllik faiz dərəcəsi Gürcüstanda - 19, Ukraynada - 13!

Əlbəttə, hər ölkənin özəl iqtisadi inkişaf yolu var və bütün tədbirlər ciddi təhlil olunmalı və hər bir cəhətdən əsaslandırılmalıdır və bu işdə AADA üzvləri istənilən işçi qruplar tərkibində çalışmağa hazırdır. Biz əminik, ABA kifayət qədər nüfuzlu təşkilat olaraq, avtomobil kreditlərinin optimallaşdırılması yolu ilə ölkə avtomobil parkının yenilənməsinə güclü təkan verə bilər. İkitərəfli onlayn konfrans formatında bu bizim ilk görüşümüz idi. ABA tərəfdən təşkilatın rəhbərləri və səkkiz bankın səlahiyyətli nümayəndələri iştirak edirdi, bizim tərəfdən isə demək olar, bütün assosiasiya üzvləri. Əlbəttə, elə ilk cəhddən əsaslı qərarlar gözləmək sadəlövhlük olardı.

Başlıcası odur ki, dialoq baş tutdu və problemə hər iki tərəfdən münasibətlər səsləndi. ABA tərəfdən bir konkret təklif də oldu və bunu konfransın əsas nəticəsi kimi dəyərləndirmək olar. Belə ki, ABA prezidenti cənab Zakir Nuriyev öz çıxışında qeyd etdi ki, yerli istehsal məhsulu olan avtomobillərin güzəştli kreditləşməsi məsələsini müzakirə etməyə hazırdır və AADA-ya təklif etdi ki, belə bir xüsusi proqram hazırlansın. Bu, bizi sevindirməyə bilməz. Lakin avtomobillər aləmi geniş və rəngarəngdir.

Hər bir avtomobil markasının öz alıcısı var. İstəklər də, imkanlar da fərqlidir. Bizim məqsədimiz bu istəklərlə imkanlar arasında körpü yaratmaqdır. Xarici avtomobillərin kredit şərtlərində dəyişikliklər labüddür. AADA bir sıra təkliflərlə Azərbaycan Respublikası Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə müraciətlər ünvanlayıb. Aldığımız cavablar bunu deməyə əsas verir ki, ölkə avtomobil parkının vəziyyəti, köhnə avtomobillərin kütləvi idxalı, ekologiya və nəqliyyatda təhlükəsizlik məsələləri hökümət qurumlarının da diqqət mərkəzindədir. AADA ictimai birlik olaraq bu istiqamətdə fəaliyyətini davam etdirəcək.


Son Xəbərlər