Xəbərlər

Ana səhifə / Xəbərlər

AADA-nın NÖVBƏTİ TOPLANTISI

Ötən həftə sonu Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) yaz toplantısı baş tutdu. Görüş ənənəvi olaraq çay süfrəsi ətrafında, səmimi şəraitdə keçdi. İlk olaraq, AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev cari ilin əvvəlində təsdiq olunmuş plana əsasən həyata keçirilmiş işlər barədə qısa məlumat verdi və toplantı iştirakçılarına assosiasiyanın yeni tərəfdaşlarını təqdim etdi. Qeyd edək ki, 2023-cü ildə Maşın.Al onlayn avtomobil satış mərkəzi və elektromobillər üçün enerji doldurma stansiyaları idxal edən MLK Tech Group AADA ilə rəsmi əməkdaşlıq barədə razılıq əldə etmişlər. İclasın əvvəlində yeni partnyorlara öz təqdimatları üçün vaxt verildi, nümayəndlər avtodilerlərin suallarını cavablandırdı. 

Toplantının ikinci hissəsində AADA-nın hazırladığı bir sıra tədbirlər müzakirə olundu. Yaxın günlərdə ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə paytaxt Bakıdan ən qədim tariximizın şahidi olan Qobustan qoruğuna qədər elektrik avtomobillər yürüşünün təşkili barədə qərar verildi. 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində daha bir yürüş Abşeron Milli Parkına yönələcək. Bu dəfə avtomobil karvanı hibrid texnologiyalarla hərəkətə gələn nəqliyyat vasitələrindən ibarət olacaq. Xatırladaq ki, bütün bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proramında yer almış "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi” cağırışına cavab olaraq həyata keçirilir. Layihələrin həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Avtomobil Federasiyası təşkilati dəstək göstərəcək.

İyul ayının sonunda keçiriləcək «Caspian Motor-Şou 2023» avtomobil sərgisi AADA toplantısında müzakirə olunan daha bir mövzu oldu. Məlumdur ki, assosiasiya 20 ildən çoxdur ki, Bakı, Şəki, Qəbələ, Nabran kimi məkanlarda avto-şoular təşkil edir. Bu ilki sərgi 28-30 iyul tarixlərinə təsadüf edəcək və ekspozisiyanın məkanı barədə Abşeronun ən populyar istirahət mərkəzi - Sea Breeze ilə ilkin razılıq əldə olunub. Toplantıda çıxış edən AADA İH-nin üzvü Həmid Hacıyev və İcraçı direktor Eyyub Əliyevin söylədiklərinə görə bu ilki avtoşou daha geniş miqyasda və tam fərqli formatda baş tutmalıdır. 

«Caspian Motor Şou» sərgisinin açılış günündə «TEZ: Təhlükəsizlik, Ekologia, Zövq» şüarı altında ölkə avtomobil parkının cavanlaşmasına həsr olunmuş konfransın keçirilməsi də planlaşdırılır. Konfransa avtomobil biznesi nümayəndələrindən başqa, bank və sığorta sektorlarının, hökümət və qeyri hökümət təşkilatlarının təmsilçiləri, MM deputatları, müvafiq nazirliklər dəvət olunacaqlar. Konfransda ölkəmizdə mövcud olan avto-kredit və lizinq şərtləri, reeksport qaydaları, avtomobillərin qeydiyyat və texniki baxış prosedurları, ehtiyyat hissələrinin idxalı zamanı brend müdafiəsi və digər məsələlər müzakirə olunacaq.   

Toplantının sonunda İH-nin sədri N.Zərbəliyev iştirakçılara assosiasiyanın yeni üzvləri barədə məlumat verdi, qeyd etdi ki, cari ildə AADA-nın birləşdirdiyi milli və xarici avtomobil markalarının sayı 45 oldu.


Son Xəbərlər