Xəbərlər

Ana səhifə / Xəbərlər

Ekoloji yürüş-festival 2024

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) növbəti dəfə ekoloji avtomobillərin yürüş-festivalını təqdim edir. Hər ilin may ayında keçirilən ənənəvi festival Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunur. Bu ilki tədbirin bəzi özəllikləri barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəli aşağıdakıları söylədi:  

AADA sıralarında 50-dən çox dünya şöhrətli avtomobil markalarını ölkəmizdə təmsil edən rəsmi idxalçıları və yerli avtomobil istehsalçılarını birəşdirən ictimai birlikdir. Təşkilatımızın missiyası Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir. Assosiasiyamız daim monitorinqlər aparır, avtomobil sektorunda mövcud durumu araşdırır, problemləri təhlil edir, onların həlli üçün təkliflərlə çıxış edir, rəsmi qurumlar və ictimai təşkilatlarla müzakirələr aparır. Bununla yanaşı AADA ölkənin sosial həyatında aktiv mövqe tutur, müxtəlif layihələr gerçəkləşdirir, müasir avtomobillərin təşviqi üçün tədbirlər həyata keçirir. Məsələn, 2002-ci ildən təşkil olunan «Caspian Motor-Show», «Caucasus Motor-Show» avtomobil sərgiləri, müxtəlif konfranslar, avtomobil yürüşləri və s. 

Adətən avtomobil yürüşləri tarixi şəxsiyyətlərə, tarixi hadisələrə, sosial və ekoloji layihələrə həsr olunur. May ayında baş tutacaq yürüş-festivalın məqsədi Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, Heydər Əliyev irsinin təşviqi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyəsinə, ətraf mühitin qorunmasına ictimayyətin diqqətinin cəlb edilməsidir. Bununla yanaşı məlumdur ki, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir və Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyə hazırlaşır. Bu baxımdan ekoloji avtomobillərin yürüş-festivalı simvolik məna daşıyır. 

Ənənəvi olaraq bu tədbirin keçirilməsində bizə təşkilatı dəstəyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası göstərir. Ekoloji avtomobil karvanının Heydər Əliyev Mərkəzindən start alması nəzərdə tutulur. Yürüşün finişi və ekoloji avto-sərgi Avrasiyanın mərkəzində ən böyük intermodal logistika mərkəzində gerçəkləşəcək. AADA-nın rəsmi tərəfdaşı Abşeron Logistika Mərkəzi həm də regionun ilk «yaşıl» logistika mərkəzidir. Məhz bu mərkəzdə festivalın qonaqlarını maraqlı tanıtım turu, ən yeni avtomobillərin təqdimatları, əyləncəli proqram gözləyir. Hər il olduğu kimi tədbirin proqramına məktəblilər arasında AADA-nın təşkil etdiyi «Gələcəyin avtomobili» rəsm müsabiqəsinin nəticələrinin elan olunma mərasimi də daxildir. 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA bir sıra tədbirlər həyata keçirir. Bakı küçələrində effektli yürüş edəcək avtomobil karvanı yalnız elektrik və «plug-in hybrid» texnologiyalı, yəni yalnız cərəyan mənbəyinə qoşulan avtomobillərdən ibarət olacaq. 

AADA-nın mütamadi olaraq həyata keçirdiyi bu sayaq layihələrin daha bir məqsədi rəsmi avtomobil dilerlərini əhaliyə tanıtmaqdır. Müasir zamanda mürəkkəb texnologiyalardan ibarət olan avtomobilləri rəsmi salonlardan zəmanətlə əldə etməyin vacibliyi danılmazdır. Yalnız bu halda avtomobil sahibi ehtiyyat hissələri və peşakar texniki xidmət məsələlərində problemlərlə üzləşməyəcək.

AADA-nın mətbuat xidməti
reddit downloaderprintable coloring pages


Son Xəbərlər