Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) və Abşeron Logistika Mərkəzi arasında görüş baş tutub. Abşeron Logistika Mərkəzi tarixi İpək Yolunun mərkəzində yerləşərək, beynəlxalq sertifikatlara uyğun ölkələrarası yükdaşımalar, terminal xidmətləri, anbar xidmətləri, broker xidmətləri və s. xidmətlər göstərir. Bütün idxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.
Görüşdə AADA-nı İdarə Heyətinin sədri Natiq Zərbəli, İcraçı direktor Eyyub Əliyev, Abşeron Logistika Mərkəzini isə Biznes departamenti direktoru Elçin Adiyev və Logistik direktor Adil Hüseynov iştirak etdilər. Danışıqların əsas mövzusu rəsmi avtomobil idxalçılarına təhlükəsiz, sürətli, sərfəli və davamlı logistik dəstək, avto-dilerlər üçün xüsusi korporativ təkliflər, parallel importun sivil avtomobil bazarına təsiri və ümumiyyətlə ölkənin avtomobil sektorunun inkişafı istiqamətində birlikdə atılacaq addımlar oldu. Tərəflər tezliklə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalamağı qərara aldılar. Bu anlaşmaya əsasən AADA və Abşeron Logistika Mərkəzi 2024-cü ildə ölkədə sivil avtomobil biznesinin möhkəmlənməsinə, avtomobil parkının yenilənməsinə, ekoloji avtomobillərin təşviqinə və hərəkətin təhlükəsizliyinə yönəlmiş silsilə sosial layihələri birlikdə həyata keçirəcəklər.
AADA-nın mətbuat xidməti