Xəbərlər

Ana səhifə / Xəbərlər

AADA Nazirlər Kabinetinə müraciət etdi


Bu gün 30 Aprel 2020-ci il tarixində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktubla müraciət edib. Məktubda deyilir: «… AADA 40-dan artıq aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçılar və yerli avtomobil istehsalçılarının ictimai birliyidiir. Təşkilatımız ölkədə sivil avtomobil biznesinin bərqərar olması, istehlakçıların, yol hərəkəti iştirakçılarının və dövlətimizin maraqlarına xidmət edən mühitin formalaşmasına çalışır. Bunun üçün biz mövcud problemləri araşdırır, rəsmi qurumlar və ictmai təşkilatlarla müzakirələr aparır və ölkəmiz üçün faydalı olacaq təkliflərlə çıxış edirik. 

Biz avtomobil sektoru olaraq COVİD-19 pandemiyası ilə bağlı hökumətimizin atdığı addımları, karantin dövründə maddi ziyana uğramış vətəndaş və müəssisələrə göstərilən diqqəti çox yüksək qiymətləndiririk. Bildirmək istərdik ki, AADA üzvləri də bu çətin sınaq dövründə hökumətimizə və xalqımıza hərtərəfli yardımını əsirgəmir. Avtomobil idxalçıları sektorda yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, hökumətin təşəbbüslərinə qoşulur, Koronavirusla Mübarizəyə Dəstək Fonduna birbaşa maliyyə ianələri etməklə yanaşı sosial gərginliyin qarşısnı almaq üçün əməkdaşların iş yerlərinin qorunması və gəlirlərindən məhrum olmamaları üçün mümkün bütün tədbirləri görür…» 

Daha sonra məktubda COVİD-19 pandemiyası ilə bağlı avtomobil idxalçılarının qarşılaşdığı ciddi problemdən məlumat verilir. Məlumdur ki, avtomobil sektoru konyuktur dəyişikliklərinə çox həssas bir sahədir. Pandemiya nəticəsində bu sektor böhran vəziyyətinə düşmüşdür: ölkədə yeni avtomobil və ehtiyat hissələr satışı kəskin düşmüş, servislərə gələn müştəri sayı 90%-dən artıq azalmışdır. 
  
Məlumdur ki, avtomobl biznesinin qanuanuyğunluqlarına görə idxalçılar avtomobil və ehtiyat hissələr üzrə 3-6 ay öncədən sifariş verib istehsalçılar qarşısında öhdəliklər götürür. Bunun nəticəsində sektordakı böhrana baxmayaraq, sifariş olunmuş avtomobil və ehtiyat hissələrinin tədarükü istehsalçı zavodlar tərəfindən davam etdirilir. AADA üzvləri 2020-ci ilin əvvəlindən minlərlə avtomobili artıq ölkəyə idxal etmiş və yaxın aylarda da bu proses davam edəcək. Dövriyyələrin kəskin azalması nəticəsində malların gömrük rəsmiləşdirlməsi idxalçılar üçün ciddi maliyyə yükünə çevrilmiş, hətta bəzi şirkətlərimiz üçün icrası qeyri-mümkün şəkil almışdır. Mövcud qanunvericiliyə görə ölkəyə gətirilən mallar idxal rüsumları, aksiz və ƏDV ödənmədən müvəqqəti saxlanc rejimi altında 4 aya qədər qala bilər. Lakin təəsüf ki, bu mexanizmin səlist işləməsi üçün bəzi prosedur dəyişikliklərinə ehtiyac var.  Hazırki şəraitdə yaranan risklər nəticəsində idxalçıların minlərlə avtomobili daha münasib şərtlər, şəffaf və rahat prosedurlar altında qonşu ölkələrdə saxlanır, müxtəlif rüsum və ödənişlər həmin ölkələrin büdcəsinə ödənilir… 

AADA-nın aidiyyatlı hökümət orqanlarına ünvanladığı məktubda avtomobillərin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirməsinə dair dörd təklif əksini tapıb. Yekun olaraq məktubda vurğulanır: «… təkliflərin tətbiqi avtomobil idxalçılarının maraqlarına xidmət etməklə yanaşı, coğrafi mövqeyimiz sayəsində regional biznes imkanlarının yaranmasına, yeni iş yerləri açılması və son nəticədə dövlət büdcəsinə yeni yığımlara səbəb olacağına əminik.»


Son Xəbərlər