Azərbaycanda fəaliyyət göstərən, rəsmi avtomobil idxalı ilə məşğul olan kompaniyaların rəhbərləri ilk dəfə 1998-ci ildə bir araya gəldilər. Toplantı ölkənin ilk avtomobil dərgisi - «Auto Plus» qəzetinin baş redaktoru Natiq Zərbəliyevin təşəbbüsü ilə baş tutdu. Avtomobillərin kütləvi şəkildə küçə satışının geniş inkişaf etdiyi şəraitdə qeyri bərabər rəqabətlə üzləşmiş avtodilerlər öz birliklərini yaratmağı qərara alaraq, niyyət protokolu imzaladılar. Protokola əsasən Azərbaycan avtomobil dilerləri assosiasiyasının (AADA) Nizamnaməsi və təsis konfransının hazırlanması üçün təşəbbüs qrupu yaradıldı. N.Zərbəliyev təşəbbüs qrupunun rəhbəri təyin olundu.
1999-cu ilin noyabr ayında keçirilən təsis konfransında AADA-nın İdarə Heyəti (İH), Nəzarət təftiş komissiyası (NTK) və sədri (N.Zərbəliyev) seçildi. Bu andan AADA - QHT kimi fəaliyyət göstərməyə başladı. AADA rəsmi avtomobil dilerləri arasında bir sıra rəy sorğuları keçirərək, yaxın illər üçün fəaliyyət prorqamını müəyyən etdi. Eləcə də AADA tərəfindən təşkil olunmuş bir neçə tematik konfranslarda ölkədə sivil avtomobil bazarının formalaşmasına mane olan problemlər və onların həlli yolları araşdırıldı.
2000-ci ildə AADA «Avrasiya» fondunun elan etdiyi «Biznes-assosiasiyaların yaradılması və inkişaf etdirilməsi» mövzusunda Qrant müsabiqəsinin qalibi oldu. Elə həmən ildə ABŞ-nın Ticarət nazirliyinin elan etdiyi müsabiqədə qalib gələrək AADA sədri N.Zərbəliyev ABŞ-na «Biznes-assosiasiyaların inkişafı» mövzusunda təşkil olunmuş treninqlər kursunda yollandı və bu kursları uğurla bitirərək, müvafiq sertifikat və diplomlarla Bakıya qayıtdı.
2001-ci ildə AADA Nazirlər kabinetinə avtomobil bazarının tənzimlənməsi və inkişafı barədə ilk təkliflər paketini ünvanladı. Müvafiq hökümət orqanlarının və AADA üzvlərinin birgə iştitrakı ilə bir neçə məsləhətləşmələr baş tutduqdan sonra avtomobil sektorunu tənzimləyən normativ aktlarda dəyişikliklər edildi və avtomobillərin idxalı zamanı hüquqi şəxslərin ödədiyi aksiz vergisi ləğv olundu. Bununla da küçə satışı ilə məşğul olan fiziki şəxslərlə eyni idxal şərtlərinə nail olan rəsmi dilerlər zəmanətli satış və yüksək səviyyəli texniki servis imkanlarından istifadə edərək, alıcıları öz salonlarına cəlb edə bildilər. Azərbaycanda sivil avtomobil bazarının sürətli inkişafı dövrünə start verildi. Ardıcıl olaraq bütün dünya şöhrətli avtomobil markalarının rəsmi nümayəndəlikləri Bakıda açıldı…
Bütün bunlara baxmayaraq, AADA-nın Ədliyyə Nazirliyində dövlət qeydiyyatında alınması yalnız 2005-ci ildə, birliyin dəfələrlə müvafiq sənədlərlə müraciət etdiyindən sonra baş tutdu. Nəhayət ki, AADA qeyri formal təşkilat kimi yox, rəsmi QHT kimi fəaliyyət göstərməyə başladı. AADA-nın təşkilatçılığı və ya iştirakı ilə bir sıra avtomobil sərgiləri, avtomobil yarışları və yürüşləri təşkil olundu. Bunlardan, «İnternational Auto-show», «Caspian Motor-show», «Caucasus Motor-show» sərgilərini, «Jeep-Trial» yarışlarını xatırlamaq olar. AADA-nın İcitimai Birlik kimi gerçəkləşdirdiyi ən irimiqyaslı aksiya isə 2008-ci ildə keçirilmiş «İlhamla İrəli» avtomobil yürüşü oldu.
Təəssüf ki, dünya iqtisadiyyatında baş vermiş böhranlar ölkəmizdən də yan keçə bilməzdi. Məlum 2015-ci il devalvasiyaları nəticəsində avtomobillərin qiyməti kəskin şəkildə artdı. Obyektiv və subyektiv səbəblərdən avtokreditləşmə dayandırıldı. Avtomobillərin idxalında tətbiq olunan gömrük rüsumları və aksiz vergiləri dəfələrlə artırıldı. Bütün bunlar avtomobil sektorunu «nokaut» vəziyyətinə saldı. Yeni avtomobillərin əvəzinə ölkəyə kütləvi surətdə köhnə və yarasız nəqliyyat vasitələri daşınmağa başladı. Məhz bu vəziyyət rəsmi avtomobil idxalçılarını problemlərdən çıxış yollarını axtarmaq, dövlət və qeyri dövlət təşkilatları əməkdaşlıq edərək, ölkə avtomobil sektorunu tam iflasa uğramaqdan xilas etmək ideyası ətrafında bir daha AADA sıralarında sıx birləşməsinə səbəb oldu.