AADA sədri Natiq Zərbəliyevin Avtomedia.az saytına eksklüziv müsahibəsi.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) ölkənin ilk biznes-assosiasiyalarından biridir. 2000-cu ildə təsis qurultayı keçirilmiş və 2004-cü ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmış təşkilat sıralarında 50-dən çox aparıcı xarici avtomobil markasının rəsmi idxalçılarını və yerli avtomobil istehsalçılarını birəşdirən ictimai birlikdir.
Avtomedia: Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası qarşısına hansı vəzifələri qoyur?
Natiq Zərbəli: Təşkilatımızın vəzifəsi Azərbaycanda sivil avtomobil biznesinin bərqərar olması, avtonəqliyyat sektorunun inkişafı, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasıdır. Bunun üçün biz ölkə avtomobil bazarını daim analiz edir, rəsmi qurumlar və ictimai təşkilatlarla müzakirələr aparır, mövcud problemləri araşdırır və onların həlli üçün təkliflərlə çıxış edirik. Bununla yanaşı AADA ölkənin ictimai-sosial həyatında aktiv mövqe tutur, müxtəlif layihələr gerçəkləşdirir, müasir avtomobillərin təşviqi məqsədilə çoxsaylı tədbirlər həyata keçirir.
Avtomedia: Hansı tədbirləri nümunə gətirə bilərsiz?
N.Z.: AADA 2001-ci ildən başlayaraq, hər il «Caspian Motor-Show», «Caucasus Motor-Show» avtomobil sərgiləri təşkil edir. Bu sərgilərdə ən yeni modellər nümayiş olunur, tez-tez premyeralar da baş tut . Bu forum çərşivəsində eləcə də AADA-nın illik hesabat konfransı baş tutur. Bizim assosiasiya hər il 10 may Ümummilli Lider Heydər Əliyevin doğum tarixində «Yaşıl ölkə» ekoloji avtomobillər yürüş-festivalı təşkil edir. Bu festival çərçivəsində məktəblilər arasında «Gələcəyin avtomobili» rəsm və dizayn müsabiqəsi də keçirilir. Daha bir layihəmiz - hər ilin sonunda avtomobil sektorunun ən uğurlu təmsilçilərinə 10 nominasiyada təqdim olunan «Qızıl Çarx» mükafatıdır. 2022-ci ildən başlayaraq, «Elektrik avtomobillər festivalı», Çin avtomobilləri festivalı, Yaponiya avtomobilləri festivalı, müxtəlif dest-drayvlar və s. tematik tədbirlər də təşkil olunur.
Avtomedia: Son zamanlar yollarımızda elektrik avtomobillərin sayı artmaqdadır. Sizcə bu tendensiya davamlı olacaq?
N.Z.: Sevindirici haldır ki, son illər ölkə rəhbərliyi tərəfindən avtomobil parkının yenilənməsi, ekoloji nəqliyyat vasitlərinin təşviqi üçün bir sıra addımlar atılır. İdxal olunan işlənmiş avtomobillərə qoyulmuş yaş məhdudiyyəti, hibrid və elektrik avtomobillərin ƏDV-dən azad olunması, elektomobillər üçün gömrük rüsumunun ləğv ediməsi nəticəsində 2023 ildə idxal olunmuş yeni avtomobillərin sayı 19740 ədəddən 2024-cü ildə 32766-ya yüksəldi. Elektrik avtomobillərin dinamikası son dərəcə yüksək dinamika göstərdi. Beləki, 2022-ci ildə cəmi 486 elektromobil idxal olunmuşdusa, 2024-cü ilin yanvar-noyabr aylarında bu rəqəm 2871 oldu. 2025-ci ildə enerji doldurma məntəqələrinin sayı çoxalarsa, elektromobillərin populyarlığı daha da sürətlə artacaq.
Avtomedia: Avtomobil sektorunun inkişafı naminə AADA daha hansı tədbirlər planlaşdırır?
N.Z.: 2025-ci ildə AADA ənənəvi aksiyalarla yanaşı son dərəcə aktual bir tədbir planlaşdırır. Belə ki, mart ayında «Azərbaycan avtomobil parkının yenilənməsi: reallıq və perspektivlər» adlı forum keçirməyə hazırlaşırıq. Foruma avtomobil sektorunun nümayəndələrindən başqa, bank və sığorta assosiasiyaları, hökümət və qeyri-hökümət təşkilatlarının təmsilçiləri dəvət olunacaq. Müzakirəyə çıxarılacaq əsas mövzu ölkəmizin avtomobil idxalında «paralel importun» kəskin artması və bunun bütün avtomobil sektoruna, ümumiyyətlə, ölkənin biznes mühitinə mənfi təsir göstərməsi olacaq. Son illərin dinamikasına baxsaq, yeni avtomobillərin idxalında qeyri-rəsmi satıcıların və yaxud «boz dilerlərin» payı: 2022-ci ildə - 12%, 2023-cü ildə - 27%, 2024-cü ildə artıq - 45% təşkil edir. Məlumdur ki, «boz diler» avto-salon və servis mərkəzinin tikilməsi üçün investisiyalar qoymur, mütəxəssislərin təliminə vəsait ayırmır, iş yerləri açmır, marketinq-reklam xərcləri barədə düşünmür, bir çox hallarda avtomobili fərdi şəxslərin adına idxal edərək, sahibkarlıq fəaliyyətini gizlədir və gəlir vergisindən də yayınır. Nəticədə paralel import yolu ilə gətirilən avtomobilləri bazara rəsmi dilerlərdən qat-qat ucuz qiymətə çıxarmaq imkanı yaranır. Təəssüf ki, belə «ucuz ətin şorbası» istehlakçılara, avtomobil sektoruna və ümumiyyətlə, ölkə iqtisadiyyatına baha başa gələ bilər.
Paralel import yolu ilə gətirilən avtomobillər yerli keyfiyyət standartlarına və təhlükəsizlik tələblərinə cavab verməyə bilər. Əvvəla, bu avtomobillərin zəmanəti və texniki xidməti ilə əlaqədar problemlər qaçılmazdır: başqa ölkədə satılmış avtomobilin texniki düyünləri, ehtiyat hissələri, proqram təminatı fərqli ola bilər. Yerli rəsmi servislər buna hazır deyil, nəticədə istehlakçı hüquqları pozulur və brendin imicinə zərbə dəyir. İkincisi, bazarda haqsız rəqabət yaranır, maliyyə çətinlikləri ilə üzləşmiş rəsmi diler və distribyutorlar biznesin inkişafına yönələn investisiyaları və marketinq xərclərini azaltmağa, iş yerlərini ixtisara salmağa məcbur olur. İş o həddə çatıb ki, bir neçə adlı-sanlı avto-diler şirkəti bağlanmaq təhlükəsi qarşısındadır. Bundan əlavə, paralel import rəsmi diler və distribyutorların intellektual mülkiyyət hüquqlarını poza bilər, məsələn, əmtəə nişanı, patentlər və s. Nəhayət, gündən-günə nəzarətsiz artan paralel import ölkələr arası ticarət razılaşmalarına da təsir edə bilər, nəticədə iqtisadi mübahisələrə, tariflərin dəyişilməsinə, məhdudiyyətlərə gətirib çıxara bilər.
Bütün bunlarla yanaşı «boz dilerlərin» alıcıya vəd etdiyi avtomobil barədə yanlış məlumat vermə, əvvəlcədən pulu alıb, çatdırılmanı gecikdirmə və hətta mövcud olmayan avtomobilə görə ödəniş alma halları tez-tez baş verir və sosial şəbəkələrdə belə faktları hər gün izləyirik.
Ən vacib məsələ odur ki, avtomobil yüksək riskli məhsuldur və ən azından yollarda təhlükəsizlik naminə bu məhsulun satışları və texniki xidməti ilə istehsalçı zavod ilə birbaşa əlaqəsi, müvafiq proqram təminatı, texniki avadanlığı, eləcə də peşəkar personalı olan qurumlar məşğul olmalıdır. Bütün bu suallara hazırladığımız forumda cavab axtarmağa çalışacağıq.
2025-ci ildə müvafiq rəsmi qurumlar tərəfindən paralel importu və ümumiyyətlə, avtomobil bazarını tənzimləyən qərarlar qəbul edilməzsə, rəsmi idxalçılar vəziyyətin daha da təhlükəli olacağını düşünürlər. Hazırda AADA bu istiqamətdə araşdırmaları bitirib, müvafiq təqdimat və təkliflər paketi ilə müraciət etməyə hazırlaşır.
Əlbəttə, avtomobil parkının yenilənməsi üçün digər vacib məsələlər də var. Ölkəyə idxal olunan ikinci əl avtomobillərinin yaşını 10 ildən 3 ilə endirmək və paralel olaraq, avtokredit şərtlərini əhali üçün daha əlçatan və real etmək barədə düşünmək zamanıdır. O zaman köhnə avtomobilin ehtiyat hissələrinə və təmirinə xərclənən pul kredit ödənişinə yönələr, nəticədə avto-diler də qazanar, bank da, ən başlıcası təzə maşın sürən istehlakçı da… İkinci əl bazarı isə xaricdən gətirilən qəzalı, suda batmış maşınlar yox, rəsmi servisdən keçmiş daxili avtomobillər hesabına formalaşmalıdır. Bunların «trade-in» sistemi ilə əhaliyə zəmanətlə yenidən təklif olunması üçün vergi sistemində də bəzi dəyişiklərə ehtiyac var.
AADA-nın amalı yollarımızda gözəl, yeni və zəmanətli avtomobillər görmək, ağır qəzaların sayını minimuma endirmək, təmiz ekologiya sayəsində sağlam gələcək nəsil yetişdirmək istiqamətində dövlətimizin gerçəkləşdirdiyi bütün layihələrinə dəstək verməkdir.
Avtomedia: AADA-nı 25 yaşı ilə təbrik edirik.