Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) köhnə avtomobillərin idxalına məhdudiyyətlərin sərtləşdirilməsi üçün hərəkətə keçib. Assosiasiya bununla bağlı Nazirlər Kabineti və digər dövlət orqanlarına təkliflər göndərməyə hazırlaşır.
Bildirilib ki, 2014-cü ilin fevral ayında kreditləşdirməyə qoyulan məhdudiyyətlər yeni avtomobil satışlarının ciddi azalmasına səbəb olub. 2015-ci ilin yanvar və dekabr aylarında baş verən 2 devalvasiya avtomobillərin qiymətinin milli valyutada 2 dəfədən artıq qalxması ilə nəticələnib 2015-ci ilin yanvarında yeni aksiz vergisi, 2017-ci ilin yanvarında yeni aksiz vergisi, 2018-ci ilin yanvar ayında yeni gömrük rüsumu və 2019-cu ilin yanvar ayında yeni aksiz vergilərinin tətbiq edilməsi bir çox modellərin qiymətini mövcud müştərilərin əksəriyyəti üçün əlçatmaz səviyyəyə qaldırıb.
Vurğulanıb k, nəticədə avtomobil sektorundakı bu depressiyanın nəticəsində çox sayda diler salonu bağlanıb, dilerlərin illərlə külli miqdarda vəsait xərcləyib yetişdirdiyi dəyərli mütəxəssislərin 50 faizə qədəri işini itirib: "Bu gün diler şirkətləri investisiya planlarını təxirə salır, ehtiyat hissə anbarları saxlamağa çətinlik çəkirlər ki, bütün bunların nəticələri çox acınacaqlı ola bilər. Ölkəyə yeni yox, mənəvi və texniki cəhətdən köhnəlmiş, yararsız, təhlükəli avtomobillərin kütləvi surətdə gətirilməsi göz qarşısındadır".
Bütün bu məsələlər AADA-nın ümumi toplantısında müzakirə olunub. Qərara alınıb ki, AADA - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) üzv olsun və bu qurumun dəstəyi ilə təkliflər paketi Azərbaycan Respublikası Nazirlər Kabineti və digər dövlət orqanlarına təqdim olunsun.
Təkliflər paketinə aşağıdakı məsələlər daxil ediləcək:
1.Köhnəlmiş avtomobillərin idxalına məhdudiyyətlərin sərtləşdirilməsi, avtomobillərə ilindən asılı olaraq məhdudiyyət qoyulması.
2. Yeni avtomobillər üçün imtiyaz və güzəştlərin verilməsi, idxal şərtlərinin yüngülləşdirilməsi.
3. Ekoloji təmiz avtomobillərin idxalı və istismarının təşviq edilməsi.
4. Avtomobil kreditinin bütün dünyada olduğu kimi digər istehlak kreditlərindən fərqləndirilməsi.
5. Avtomobil kreditlərində minimal ilkin ödəniş tələbinin 20-25 faizə endirilməsi.
6. Kreditləşmə zamanı yaranan əlavə maneələrin ləğv edilməsi.
7. Avtomobillərin dövriyyədən çıxarılması və ixracının asanlaşdırılması.
8. Xarici qeydiyyatlı avtomobillərin ölkə ərazisində qalma müddətinin azaldılması.
9. Ölkəyə saxta ehtiyat hissələrinin idxalının qadağan olunması.
10. Ölkədə sivil 2-ci əl avtomobil bazarının formalaşmasının təşviq edilməsi.
11. Hüquqi şəxslərin avtoparklarının yenilənməsi üçün maliyyələşdirmə alətlərinin təşviq edilməsi.
12. Rəsmi idxalçılar üçün gömrük anbarı və eləcə də müvəqqəti idxal imkanlarının yaradılması. (Marja.az)
Mənbə: ikisahil.az