Ramin Musayev yazır...
Yeni avtomobil almaq üçün avtomobil diler salonlarına müraciət etdim. Amma şərtləri və qiymətləri eşidib, fikrimdən daşındım. Səbəbi devalvasiyadan sonra manatla qiymətlərin yüksək və şərtlərin çətin olmasıdır. Çalışdım ki, bunu araşdırım və sullarıma cavab tapım.
Avtomobil nəqliyyat vasitəsi olmaqla yanaşı, həm də imicdir. Hamının arzusu yeni və gözəl avtomobilə sahib olmaqdır. Avtomobil bazarı dünyanın ən böyük bazarlarından biridir. Avtomobil istehsalçısının rəsmi dileri olmaq böyük prestijdir, bununla yanaşı, həmçinin, böyük investisiya və iş tələb edir. Bununla yanaşı, ikinci əl avtomobillərin satışı böyük gəlirlər gətirir. Çünki yeni avtomobil almaq imkanı olmayanlar məhz onlara üz tutur.
Son illərdə Azərbaycana çox sayda köhnə avtomobil idxal olunur. Avropada istifadəsinə qadağa qoyulmuş dizel, yaxud ABŞ-da hərraclardan problemli avtomobillər ucuz qiymətə alınıb, təmir edilib, satılır. Bunların hər ikisi də təhlükə mənbəyidir.
Birinci ekologiya baxımından, ikincisi yollardakı təhlükəsizlik. Atalar ona görə “Hər şeyin təzəsi, dostun köhnəsi” ifadəsini deməyib. Azərbaycanda ekologiyanın korlanmasında və əhalinin çox sayda artan xəstəliklərinin səbəblərindən biri də ölkə avtomobil parkında olan çoxsaylı köhnə avtomobillərdir.
Bu avtomobillər Avropada ekologiya normalarına uyğun olmadığına görə, istifadəsi qadağan olunduğundan çox ucuz qiymətə satılır. Yəni avropalılar özlərini düşünüb, bu avtomobillərə qadağa qoyur, bizim maşın alverçiləri isə onları gətirib bizi zəhərləyirlər. Bu problem əhali arasında ağır xəstəliklərin yaranmasının səbəblərindən biridir.
Bu gün yerli bazarda təzə maşın almaq üçün nağd pulun olmalıdır. Banklardakı kredit şərtləri ağırdır. İlkin ödəniş 30 min manata kimi olan avtomobillərin qiymətinin 50%-i, 30 mindən yuxarı isə 40%-dir. Hər adamın da buna imkanı olmadığından maşın bazarına üz tutur. Cibində yeni avtomobilin 20-30% dəyərinin pulu olduğu üçün ancaq köhnə maşın almaq iqtidarındadır. Çünki elə bu qiymətə ancaq köhnə maşın almaq olar.
Bu halda alıcının ekologiya heç yadına düşmür, çünki insan ilk öz problemini həll etməyə çalışır. Onu da anlamaq olar.
Yollarda köhnə avtomobillər təhlükə mənbəyinə çevrilir. Son illərin statistikası bunu təsdiqləyir. Qəzalarda ölənlərin sayı artıb.
10-15 illik avtomobil aşınıb, kapital təmirə ehtiyacı var. Köhnə maşının sahibi avtomobilinə “ölüxanadan” işlənmiş ehtiyat hissələri, şinlər əldə edir ki, ucuz başa gəlsin. Hər iki hal problemi daha da artırır. Çünki belə hallar istehsalçı tərəfindən nəzərdə tutulmayıb. Avtomobil dilerlərinin rəhbərləri ilə ünsiyyət zamanı onlar zərərlə işlədiklərini söylədilər. Əvvəlki satışları nəzərə alaraq, böyük investisiyalar qoyulub, amma qiymətlərin yüksəlməsi və satışların düşməsi onların zərərlə işləməsinə səbəb olur.
Satışların belə sürətlə düşməsinin ilk növbədə kreditləşmə şərtlərinin sərtliyi ilə bağlı olduğunu dedilər.
Bəs bunun çıxış yolu nədir?
İlk növbədə əhalidə yeni avtomobil almaq üçün inam yaradılmalıdır, sonra isə köhnə avtomobillərin idxalına məhdudiyyətlər qoymaq olar. Yeni avtomobillərə gömrük vergisinin, yaxud aksizlərin aşağı salınması, yeni avtomobillərin qiymətlərinin aşağı düşməsinə yardımçı olar.
Bununla yanaşı, köhnə avtomobillərin illərinə görə məhdudiyyət qoyulması və köhnəlmə ili artdıqca aksizi yüksəltmək. Bunlar bir-birini kompensasiya edərək, büdcəyə gəliri tənzimləyə bilər. Elektromobillərin gömrük xərclərinin tam sıfırlanması, elektrik doldurma stansiyalarının yaradılması, onlara digər güzəştlərin tətbiq edilməsi ekologiya üçün və elektriklə çalışan ekoloji təmiz avtomobillərin təşviqinə yol açar.
Həmçinin, hibrid avtomobillərə güzəştlər tətbiq edilməsi yaxşı olardı, çünki dizel və benzin avtomobillərindən ekoloji baxımdan daha idealdır. Həmçinin, təbii qazla çalışan CNG mühərrikli avtomobillərə güzəştlərin tətbiqi yuxarıda sadalanan problemlərin həlli ola bilər.
Banklardakı kredit şərtlərində yeni avtomobillər üçün ön ödəmənin 25%-ə endirilməsi yeni avtomobillərə olan marağı artıra bilər. Taksi sürücüləri üçün xüsusi proqramlar hazırlamaq olar, çünki onlar bütün günü avtomobili istifadə edirək pul qazanır.
Yəni həmin sürücü kiçik sahibkardır, avtomobili də iş üçün əldə edir. Həmçinin, elektromobil alarkən kredit faizində xüsusi güzəştlər tətbiq etmək olar. Çünki onlar bütün günü avtomobili istifadə edir, bu da atmosferə atılan zərərli maddələrin ən böyük hissəsidir.
Bundan başqa, həmin kiçik sahibkarlar üçün lizinq tətbiq etmək lazımdır. Bunun üstünlüyü lizinq ödənişlərini xərclərə yönəldərək verginin azaldılmasına zəmin yaratmasıdır. Təəssüf ki, bu gün lizinq xidməti ancaq kredit əvəzi kimi görülür, halbuki sahibkarlar və şirkətlər üçün gözəl maliyyə aləti ola bilər. Bunlar həm ekologiyanı qorumağa, həm də kiçik sahibkarla imkan yaratmağa imkan verər. Həmin sahibkarlar da rəsmi işləmək məcburiyyətində qalıb vergi ödəyəcəklər. Bu da büdcə gəlirlərini dəfələrlə artıracaq. Problemi həll edərək, nə qədərinin qarşısını almaq mümkündür. Hamı bundan ancaq xeyir görə bilər.
oxu.az